06.09.10 13:58 Diana Rakhmanova

Fotoqrafiya sözünün latın dilindən tərcüməsi, məhz, «işıqla çəkmək» anlamını verir. 1839-cu ildə Lui Daqer ilk uğurlu fotonu yaratdıqdan sonra bütün dünyaya bəyan elədi: «Mən işığı tutdum». Fransız hökuməti onun bu ixtirasını - daqqerotipi «bütün bəşəriyyətə hədiyyə» adlandırdı. Həmin dövrdən keçən müddət ərzində texniki tərəqqi fotoqrafiya işinin inkişafında irəliyə doğru bir neçə nəhəng addım atıb. Foto sənəti meydana çıxdıqdan, demək olar ki, dərhal sonra cəmiyyətə, müasir incəsənətin formalaşmasına nəzərəçarpacaq təsir göstərdi, proqressiv rəssamların, xüsusilə də impressionistlərin kompozisiyanın yaradılması prosesinə və təsvir texnikasına münasibətlərini dəyişdi.
Ötən elmi kəşflər və ixtiralar əsrinin ortalarında fotoqrafiya müasir dünyanın atributlarından bir hesab olunurdu və XXI əsrin əvvəllərində də öz aktuallığını və əhəmiyyətini qətiyyən itirməyib. Bəlkə də bunun səbəbi odur ki, artıq fotoqrafiya incəsənətin ən demokratik növü qismində özünü sübut eləyib və hətta ən məşhur kommunikasiya üsulu olan sözü də geridə buraxaraq universal ünsiyyət vasitəsinə çevrilib.
Biz hər yerdə fotoqrafiyanın əhatəsindəyik: kütləvi informasiya vasitələri, hadisə yerindən reportajlar, səhnələşdirilmiş çəkilişlər və mükəmməl dərəcədə retuşlanmış obrazlarla zəngin sığallı jurnallar, reklamlar və kommersiya şəkilləri. Doğrudur, o, hər zaman pozitiv deyil, amma hər zaman ətrafımızdakı gerçəkliyi əks etdirir.
Başlanğıcda fotoqrafiya daha çox kişi məşğuliyyəti sayılırdı. Bu sahədə qadınların azlıqda olmasının əsas səbəbi, şübhəsiz ki, texnikanın ağırlığı və fotoprosesin böyük zəhmət tələb etməsi idi. İlk qaranquş- daha doğrusu, ilk peşəkar qadın fotoqraf Culiya Marqaret Kameron adlı ingilis ledisi, evdar qadın olub. 48-ci yubileyində qızından fotokamera hədiyyə alan xanım toyuq hinini emalatxanaya, anbarı isə fotolaboratoriyaya çevirmişdi. Tennison, Darvin, Lonqfello da daxil olmaqla viktorian dövrünün məşhur şəxsiyyətləri onun yaradıcılığının əsas qəhrəmanları idi. Həmçinin Kerrollun unudulmaz «Alisa Möcüzələr diyarında» əsərindəki Alisanın prototipi, balaca Alisa Lidellin portretinin müəllifliyi də ona məxsusdur.
Culiya Kameronun fotoları sentimental və romantikdi, onlar, dövrünün ab-havasını əks etdirir. Amerikalı Diana Arbus – Amerika fotoqrafiyasının simasını həmişəlik dəyişmiş qadın, foto sənətində diametral əks hadisəyə çevrildi . Ədalətli, soyuqqanlı və sərt xasiyyətli Diana, altmışıncı illərdə ağlangələn və gəlməyən bütün mövzulara həsr olunmuş sənədli fotooçerkləri ilə məşhurlaşmışdı.
Çağdaş dünyamızda müasir fotoqraf qadınlar, məsələn, son dərəcə istedadlı avstraliyalı Ann Qedesin, hiyləgər və emosional britaniyalı Sem Teylor Vudun, amerikan qlamurunun sevimlisi Anni Leyboviçin və bir çox başqalarının adları əbədilik fotoqrafiya sənətinin tarixinə yazılıb.
Bəs fotoqrafiyanı bu qədər məşhur işə və hobbiyə çevirən nədir? Hər şeydən əvvəl, fotoapparatı əlinizə götürəndə yalnız yaxşı kadrlar çəkmək imkanı yox, həm də özünüzü və dünyagörüşünüzü ifadə etmək üçün gözəl fürsət qazanırsınız. Demək olar ki, hər birimiz şəkil çəkirik. Bizim şəkillərimiz - doğmalarımızdan, sevdiklərimizdən, dostlarımızdan yadigardı, onlardan qalan xatirələrdi, ən əziz anlarımızı, həyatımızın ən vacib hadisələrini dondurub saxlamaq üçün ideal vasitədi. Onlardan şəxsi tariximiz kimi istifadə edirik, hər an alboma baxaraq özümüzü beş, on, yaxud iyirmi ilə əvvəl görmək imkanına sahib oluruq.
Yaxşı yadımdadı, on yaşımın tamam olmağı münasibətilə mənə «Smena» fotoapparatı bağışlamışdılar. Sevincimin həddi-hüdudu yox idi. İlk işim – şəhər fontanının şəkli hələ də ailə fotoarxivindədir. Amma bir ildən sonra marağım səngidi. O vaxtlar şəkli lentdən çap eləmək uzun və əziyyətli iş idi. Odur ki, fotoqrafiyanı bir müddət unutdum. Ona qarşı növbəti sevgi qığılcımı 18-19 yaşlarımda, rəfiqələrimlə, demək olar ki, hər gün bir-birimizi çəkdiyimiz vaxt yarandı. Baxmayaraq ki, foto sənəti məni həmişə özünə valeh və cəlb eləyib, ona daha ciddi münasibət bir qədər gec - əlimə həvəskar yox, yarımpeşəkar güzgülü kameranı götürüb, dostlarımın və qohumlarımın portretlərini çəkməyə başladığım vaxt yarandı. Kimsə etiraz eləyə bilər, amma şəxsən mən yaxşı şəkildə ilk növbədə emosionallığı və ideyanı, yalnız bundan sonra texniki keyfiyyəti qiymətləndirirəm. Mən şəkil çəkməyi öyrənəndə ərim daima bir cümləni təkrar eləyirdi: «Çəkən kamera yox, fotoqrafdı».
Fotoqrafiya ilə məşğul olmaq istəsək, qarşımızda dayanan ilk və ən mühüm sual kamera və onun üçün avadanlıq seçimi ilə bağlı olacaq. Fototexnika haqqında çox az, ya da tamamilə heç nə bilməyən insan üçün bu, zülmətdə dolaşmağa bənzəyir. Problemin həlli üçün istinad nöqtəsi büdcəniz və müraciət etmək istədiyiniz sahə ola bilər. Əgər daha çox ailə çərçivəsində şəkil çəkmək istəyirsinizsə və napoleonsayağı planlarlar qurmamısınızsa, o zaman yaxşı, yığcam bir kamera, sadə dillə desək, «sabunqabı» sizin tələbatlarınızı yetərincə təmin eləyə bilər. Lakin məqsəd daha ciddidirsə, istənilən ağıllı həvəskar, ya da peşəkar mütləq sizə məsləhət görəcək ki, güzgülü kamera alasınız. Çünki yaradıcı layihələrinizi həyata keçirmək imkanını, məhz, onun vasitəsilə qazanacaqsınız. Burda qarşınıza başqa bir sual çıxa bilər: rəqəmsal, yoxsa lentli? Son bir neçə ildə rəqəmsal fototexnika irəliyə doğru böyük sıçrayış eləyib, real həyatda və internet şəbəkədə rastlaşdığım peşəkarların, demək olar ki, hamısı rəqəmsala keçib. Və allaha şükür ki, hansının daha yaxşı olduğu barədə foto camiəsində gedən yorucu, sonsuz debatlar da səngiyib. Hazırda rəqəmsal texnikanın dominant rol oynamasına baxmayaraq, onların hər ikisi yaxşıdı.
Təbii ki, dicital texnologiyanın tərəfində rahatlıq, sürət və çəkilmiş kadrı anında dəyərləndirmək kimi sərfəli cəhətlər var. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, çəkməyi rəqəmsalla öyrənmək daha asandı. Lakin lentli fotorafiya yaradıcılıq, fantaziya üçün daha geniş imkanlar verir, hətta ən sadə lentli güzgülü kamerada belə işığın, rəng və kölgələrin təsviri daha zərif və gözəl alınır.
Həvəskar fotoqrafın yaradıcılığında digər mühüm və çətin məqam çəkilişin mövzusu ola bilər. Nəyi çəkmək? Əgər fotoqrafiya sizin hobbinizdirsə, onda niyə sizi hər şeydən çox maraqlandıran, ən çox bəyəndiyiniz mövzuya müraciət eləməyəsiniz? Janrlar və tərzlər həddindən artıq çoxdu: landşaft çəkilişləri, reportaj, portret, janrlı foto, animalist, natürmort, makro, sualtı aləm, idman - istədiyinizi seçin. O başqa məsələdi ki, bunu necə eləyəcəksiniz. Hətta ən son model kameranız, obyektivləriniz olsa belə, əgər işıq, kompozisiya və çəkilişin parametrləri barədə anlayışınız, ibtidai məlumatınız yoxdursa, keyfiyyətli və orijinal şəkil almaq ehtimalınız azdı.
Bir neçə dəfə fototəcrübələrimin nəticələrinə görə məyus olandan, uğursuz kadrlara görə özümü yaxşıca söyəndən sonra anladım ki: fotoqraf- vacib deyil, qoy, heç peşəkar olmasın-öz kamerasını yaxşı tanımalı və onunla əla rəftar eləməyi bacarmalıdı. Siz özünüz-özünüzü təkmilləşdirə, fotoqrafiyanın sirlərini məşhur yazıçı və fotoqraf Li Frostun kitab-dərsliklərindən öyrənə bilərsiniz. Mən belə eləmişəm. Yaxud lazımi məlumatı internetdə axtarın. Şükürlər olsun, material kifayət qədər boldu, sadəcə düzgün seçmək lazımdı. Kimsə kurslara yazılmaq istəyəcək. Vacib olan başqa şeydi:öyrəndiklərinizi praktikaya nə qədər çox tətbiq eləsəniz, ustalıq və texniki səviyyəniz bir o qədər yüksək olacaq. O ki qaldı yaradıcı fantaziya və ideyalara… Fotoqrafiyanın yaradıcı tərkibi tamamilə fərdi xarakter daşıyır və hər müəllif çəkiliş prosesinə özündən, təxəyyülündən bir parça qatır. Bir halda ki, fotoqrafiya barədə gerçəklikdən çox uzaqlaşmadan danışırıq, təsvirin retuşu və digər prosedurları yada salmadan keçə bilmərəm.
Qrafik redaktorlar, xüsusilə də məşhur fotoşop fotoqrafiya aləmində özünə möhkəm və həmişəlik yer eləyib. Heç bir reklam, moda çəkilişləri post-düzəlişsiz keçinmir. Bu janrların aparıcı fotoqrafları indi özlərini rəqəmsal retuşsuz təsəvvür eləmirlər. Bunun etik və əxlaqi tərəfləri haqqında uzun-uzadı mübahisə eləmək olar və mən bir mənalı şəkildə deyə bilmərəm ki, kim haqlıdı: gerçəkliyi süni şəkildə bəzəmək tərəfdarı olanlar, yoxsa mütləq təbiiliyi sevənlər. Elə məqalə bu barədə deyil. İstedadlı sənətkarın, ya da sadəcə zövqlü insanın əlində qrafik proqramlar ideyaları- şəkli sadəcə kadrlaşdırmaq və ağ-qara varianta köçürmək imkanından tutmuş, onu xəyali, fantastik rəsmə çevirmək kimi incə əməliyyatlara qədər – reallaşdırmaqdan ötrü qüdrətli vasitəyə çevrilir.
Mənim üçün şəkil çəkmək prosesi həmişə axıra qədər açmaq istəmədiyim sirr olaraq qalacaq. Uğurlu bir kadr çəkib oğlumun gözlərindəki qeyri-adi ifadəni və ya canlı çəhrayı çiçəyin üzərində işığın şıltaq oyununu tutanda duyduğum çılğın sevinc hissi uşaq fərəhinə bənzəyir. O, məni davam eləməyə ruhlandırır. Fotoqrafiya ilə məşğul olmağın verdiyi ən vacib və ən gözəl şey isə- dünyagörüşünü genişləndirmək bacarığı və dünyaya yeni gözlərlə baxmaq imkanıdı.
http://www.women-forum.net/index.php?option=com_content&view=article&id=254:2010-09-06-14-07-48&catid=83:hobby&Itemid=124&lang=az
http://www.women-forum.net/index.php?option=com_content&view=article&id=254:2010-09-06-14-07-48&catid=83:hobby&Itemid=124&lang=az
No comments:
Post a Comment